Vətən müharibəsində Qələbənin ikinci ildönümü ərəfəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Qaradağ Rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir başlamazdan əvvəl görkəmli hərbi xadim Heydər Əliyevin möhtəşəm abidəsi ziyarət olunaraq, önünə çələng və qızılgüllər qoyulub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun Şuşada dalğalandırdıqları və Azadlıq meydanında nümayiş olunan Zəfər Bayrağının mərasimə gətirildiyini bildirib.
“Qələbə marşı”nın müşayiəti ilə fəxri qarovul Zəfər Bayrağını alqışlar altında səhnəyə gətirib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü və əzəli tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni ifa olunub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdən vizual fraqmenti tədbir iştirakçıları ayaqüstə alqışlarla qarşılayıblar.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını tariximizin şanlı səhifəsi olan Zəfər Günü ərəfəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı və şəxsən öz adından təbrik edərək deyib:
“Hər bir xalqın həyatında əlamətdar və tarixi günlər var. Eləcə də bizim doğma Azərbaycanımızda. Ancaq qalib Azərbaycanımızın Zəfər Günü fərqli bir bayramdır. İki il öncə, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başladığımız Vətən müharibəsində xalqımız və ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə elə bir qəhrəmanlıq dastanı yazdı ki, illər, əsrlər keçəcək, bu tarix heç zaman unudulmayacaq, qan yaddaşımızdan silinməyəcək”.
Kontr-admiral S.Bəkirov qeyd edib ki, iki il əvvəl haqq və şərəf işimiz olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə alıb müharibə cinayətləri törətməkdən belə usanmadı.
Həmvətənlərimizin bir çoxu şəhid oldu, yaralanaraq sağlamlığını itirdi. Lakin torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Müzəffər Ordumuzun iki il öncə, noyabrın 8-də yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrə oldu. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amilə çevrildi.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamında qeyd edildiyi kimi, xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakarlığının, şücaətinin, ulu öndər Heydər Əliyevdən miras azərbaycançılıq məfkurəsinin Azərbaycan-Türkiyə qardaşlığının, o cümlədən möhtərəm Prezidentimizin sərkərdə məharətinin, qətiyyətinin, hücum diplomatiyasının, dəmir yumruğunun qələbəsidir.
Hərbi Dəniz Qüvvələrinin komandanı digər qoşun növləri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin də müharibənin ilk günündən bir nəfər kimi döyüşlərə hazır olduğunu bildirib: “Cəbhəyə yollanan dəniz piyadalarımız ilk gündən hərbi əməliyyatlara qoşularaq, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirərək göstərdikləri qəhrəmanlıq, şücaət, mərdlik və igidlik nümunələri ilə böyük Zəfər salnaməmizə parlaq səhifələr yazdılar.
Onlar bir daha sübut etdilər ki, Azərbaycanın hərbi dənizçiləri dənizdə olduğu kimi, quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hər an hazır və qadirdilər”.
Diqqətə çatdırılıb ki, Hərbi Dəniz Qüvvələrinin sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində Zəfər yürüşünü davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.
Komandan xatırladıb ki, Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Polkovnik Zaur Quliyev Qubadlı şəhərinin azad olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirib.
Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.
Əlavə qüvvəyə ehtiyac yarandıqda Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin şəxsi heyəti də bir nəfər kimi müharibəyə getməyə hazır olduqlarını dəfələrlə komandanlığa çatdırıblar. Lakin onlardan lazım olan sayda hərbi dənizçi cəbhəyə yola salınıb. Onlar da ilk gündən qələbə əzmi, yüksək döyüş əhval-ruhiyyəsi, vətənpərvərlik hissi ilə qarşıya qoyulan tapşırıqların icrasına nail olublar.
Möhtəşəm Zəfərin qazanılması uğrunda müqəddəs döyüşlərdə hərbi dənizçilər də şəhidlər olublar. Ancaq hərbi dənizçilər heç vaxt ruhdan düşməyib, onlar silahdaşlarının intiqamını döyüş meydanlarında alaraq şəhidlərimizin qanını yerdə qoymayıblar. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, biz varıq şəhidlərimiz unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaq.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Vətən müharibəsinin iştirakçısı olan zabit Xaliq İbrahimov hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ən yüksək mükafata– “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə kiçik miçman Fəqan Amil oğlu Zalov da ölümündən sonra bu yüksək adla mükafatlandırılıb.
Vətən müharibəsi iştirakçıları olan hərbi dənizçilər bu gün də işğaldan azad edilən tarixi torpaqlarımızda xidmətlərini şərəflə davam etdirir və düşmənin təxribatlarının qarşısını mərdliklə, qətiyyətlə alaraq respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanıblar.
Kontr-admiral vurğulayıb ki, hərbi dənizçilərlə Qaradağ Rayon İcra Hakimiyyəti arasında sıx əlaqələr var. Həm müharibədən əvvəl, müharibənin gedişində, o cümlədən bu gün də Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları hərbi dənizçilərə daim mənəvi dəstək göstərir, xalq ilə ordunun əlaqələri daha da möhkəmlənir.
Çıxışının sonunda komandan qeyd edib ki, 2023-cü il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Heydər Əliyev ili” elan edilib. Gələn il hərbi dənizçilər də görkəmli hərbi xadim, müasir Azərbaycan Ordusunun memarı, dahi rəhbərimiz Heydər Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd edəcəklər.
Kontr-admiral S.Bəkirov çıxışını bu fikirlərlə tamamlayıb: “Bu gün biz hərbi dənizçilər və Qaradağ rayonunun sakinləri Vətən müharibəsinin Zəfər bayrağına düzlənərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər bayrağı başımızın üstündə daha xoşbəxt, firavan, təhlükəsiz gələcəyə doğru inamla irəliləyəcəyik!”.
Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Zəfər Forumu çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, respublikanı əhatə edən Zəfər forumlarında iştirakçılar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini bildirib, onun hər bir çağırışına hər an hazır olduqlarını bəyan ediblər.
Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və başqaları 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi dənizçiləri rayonun ictimaiyyəti adından təbrik edərək bir daha vurğulayıblar ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək, Müzəffər Ali Baş Komandanın Azərbaycan uğrunda hər bir əmrinə hər an hazır olacaqlar.
Vətənpərvərlik tədbirinin rəsmi hissəsi başa çatdıqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Vətəni, rəşadətli Ordumuzu və Müzəffər Ali Baş Komandanı tərənnüm edən hərbi marş, vətənpərvərlik mahnıları ifa olunub, videoçarxlar nümayiş etdirilib.
“Qarabağ” ordenli hərbi dənizçi şəhid gizir Zaur Ələsgərlinin anası Vəfa xanım şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xalid İbrahimov bu gün də ruhumuzun paytaxtı Şuşanın müdafiəsində mərdliklə dayanaraq düşmən təxribatlarının qarşısını qətiyyətlə alan döyüşçülərin sırasında hərbi dənizçilərin də vəzifə borclarını şərəflə yerinə yetirdiklərini iftixar hissi ilə bildirib və Şuşa müdafiəçiləri adından tədbir iştirakçılarını təbrik edib. O bundan sonra da Müzəffər Ali Baş Komandanın əmrlərinə hər hazır olduqlarını bəyan edib.
Tədbirdə şəhid ailələrinə, qonaqlara və xidmətdə fərqlənən hərbi dənizçilərə xatirə hədiyyələri təqdim olunub.