Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2017 18:20

Xocavənd qəsəbəsində keçirilən “Bayraq yürüşü”nə 3 minə yaxın insan qatılıb

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində “Bayrağımız milli qürurumuzdur” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir qəsəbədəki idman kompleksindən Bayraq meydanına doğru yürüşlə başlayıb. Yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, idmançılar, Qarabağ müharibəsi veteranları ilə yanaşı, bölgədə yerləşən hərbi hissənin zabit və əsgərləri də iştirak edib.
Üç minə yaxın insanın qatıldığı tədbirin iştirakçıları “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əminliklərini bildiriblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan Dövlət bayrağını milli kimliyimizin simvolu adlandırıb. O, hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağımızın yaranma tarixindən, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda yenidən bərpa olunmasından danışıb.
Milli Məclisin deputatı Elman Məmmədov son illər ölkəmizin artan nüfuzundan, bayrağımızın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər tədbirlərdə dalğalanmasından bəhs edib, bütün məcburi köçkünlərin işğal altındakı ərazilərimizin azad ediləcəyinə inandıqlarını bildirib.
Çıxışlarda 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusuna, doğma Qarabağımızın işğaldan azad ediləcəyinə inamın daha da artdığı vurğulanıb.
Tədbirdə “Bayrağım - öz yurduma öz hakimliyim” mövzunda rəsm müsabiqəsi keçirilib. Müsabiqə qaliblərinə, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr verilib.
Mərasim vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən kütləvi vətənpərvərlik tədbiri böyük coşqu ilə qarşılanıb.