Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən artıq ölkəmizdə yubiley tədbirlərinə start verilib. “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlanan ilk möhtəşəm yubiley mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Göygöl rayon ictimaiyyətinin nümayəndələri və respublikanın ayrı-ayrı bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoyulub. Xatirə kompleksi qarşısında Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi, ərazi bütövlüyü, eləcə də Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib. Minlərlə rayon sakininin və qonaqların istrakı ilə "1918-1927-ci illərdə Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi döyüşçülərinin və yerli əhalinin "Xan Naxçıvanski dağı" adlandırdığı bu təpənin zirvəsində yerləşmişdir" sözləri yazılmış abidənin açılışı olub. Tədbir iştirakçıları Cəmşid Naxçıvanskinin 43 illik qısa, lakin şərəfli ömür yolunu əks etdirən foto-sənədlər sərgisinə baxıblar.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək tamaşaçıların nəzərinə çatdırıb ki, hərb tariximizdə müstəsna xidmətləri olan sərkərdələrin yubiley¬lə¬ri¬nin keçirilməsi, adlarının əbədləşdirilməsi artıq bir ənənə halını alıb.
Qeyd olunub ki, hələ 1970-ci illərdə, Ulu Öndərimiz Heydər Əliyev repressiyaların qurbanı olan Cəmşid Naxçıvanskinin adının əbədilləşdirməsi üçün riskli qərarlar qəbul etmiş, yubileyinin dövlət səviyyəsində qeyd olunmasına və onun adını daşıyan Hərbi Liseyin yaradılmasına nail olmuşdur. Xalqımız və Silahlı Qüvvələrimizin şəxsi heyəti tərəfindən böyük minnətdarlıqla qarşılanan ölkə başçısı İlham Əliyevin sərəncamı hərb tariximizə sonsuz sevgi və məhəbbətin təzahürü olmaqla yanaşı, həm də Ümumilli Liderimizin bu istiqamətdə ənənələrinin uğurlu davamıdır.
Cəmşid Naxçıvanskinin bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətləri və ölkəmizdə hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış vətənpərvər şəxsiyyətlərdəndir.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, C.Naxçıvanski adına Hərbi Liseyin ilk məzunlarından olan general-mayor Mehman Baxışov öz çıxışlarında hərbi şöhrət tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirərək keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi heyətininin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində əhəmiyyətindən danişıblar.
300 nəfərdən çox hərbi qulluqçunun, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, Gəncə Dövlət Dram Teatrı aktyorlarının, Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin birləşmiş bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə təqdim olunan “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” teatrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.