Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2015 09:00

Xalqımızın Ümummilli Liderinin xatirəsinə hörmət və ehtiramla

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Heydər Əliyevin ideyalarına sadiqik” devizi altında keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Silahlı Qüvvələrin bütün qoşun növlərinə məxsus hərbi hissələrin zabit, gizir və əsgərlərinin, hərbi təhsil müəssisələri müəllim və kursantlarının iştirakı ilə keçirilən tədbirə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri də qatılıb.
Əvvəlcə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani “Heydər Əliyevsiz 12 il – 12 il Heydər Əliyev yolu ilə” mövzusunda çıxış edərək dahi öndərin həyat yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə onun gördüyü işlərdən danışıb və dünya miqyaslı dövlət xadiminin atdığı addımları minnətdarlıq hissilə xatırlayıb. Böyük öndərin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyması, ordu quruculuğunun qanuni əsaslarla həyata keçirilməsi bir daha diqqətə çatdırılıb.
Millət vəkilləri Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Hüseynbala Mirələmov, eləcə də İqtisad Universitetinin rektoru Ədalət Muradov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə böyük öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərindən söz açıb, Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb və onunla bağlı unudulmaz xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin “Əbədi məşəl” poeması əsasında hazırlanmış ədəbi-musiqili kompozisiya salona toplaşanların alqışları ilə qarşılanıb.
Azərbaycan Milli Opera və Balet Teatrının solisti, xalq artisti Azər Zeynallı, əməkdar artist Ramil Qasımov, xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı aktyorlarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında mahnı və ədəbi nümunələr ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təcəssümü kimi səslənib.