Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2016 09:00

Vətən müdafiəçiləri Səməd Vurğun Poeziya evinin qonağı olublar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində yaradılmış Səməd Vurğun Poeziya evi bu diyarın keşiyini çəkən Vətən əsgərlərinin də tez-tez üz tutduğu mədəniyyət ocaqlarındandır. Ön səngərlərdə xidmət edən hərbi qulluqçulardan bir qrupu burada keçirilən tədbirdə iştirak ediblər.
Əvvəlcə şairin abidəsi önünə qırmızı qərənfillər düzülüb, xatirəsi əsgəri ehtiramla yad edilib.
Muzeyin əməkdaşı, ekskursiyaçı Ziba Məmmədova ekspoziya haqqında ətraflı məlumat verərək hərbi qulluqçuları eksponatlar və foto-sənədlərlə tanış edib.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbanin şairin vətənpərvərlik mövzusunda, xüsusilə Böyük Vətən müharibəsi illərində yazdığı şeirlər, publisistik məqalələr barədə söhbəti maraqla qarşılanıb. Qeyd olunub ki, müharibənin ilk günlərindən Səməd Vurğun qələmini süngüyə çevirərək Vətənin müsəlləh əsgəri olmuş, öz alovlu şeirləri ilə xalqı və ordunu bir bayraq altında faşizmə qarşı mübarizəyə səsləmişdir.
"Çiçək vaxtı deyil indi, barıt vardır havalarda", "Qoy hər sözün ciyəriylə nəfəs alsın bir qəhrəman" deyən şairin səsi-sorağı cəbhələrdən gəlib, milli diviziyalarımızın döyüşçülərini qələbəyə ruhlandırıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət xadimi Barat Vüsal Səməd Vurğun yaradıcılığının həmişə aktual olduğunu və bu gün də gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Onun Vətən müdafiəçilərinə, xalqımızın zəngin mənəvi dəyərlərinə həsr etdiyi sevgi dolu şeirlər əsgərlərin ruh yüksəkliyinə səbəb olub.
Qazaxlı şairlərdən Qarabağ müharibəsinin veteranı, Prezident mükafatçısı Mustafa Rasimoğlu və Taleh Mansur Azərbaycan əsgərinin şərəfinə yazdıqları yeni şeirlərini oxuyub, aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan da qələbə müjdəsi gətirərək xalqımızı sevindirəcəklərinə əminliklərini bildiriblər.
Polkovnik-leytenantlar Rasim Manafov, Vüqar Allacov, kapitan Seymur Əliyev, gizir Qabil Qasımov və başqaları Səməd Vurğun Poeziya evini ziyarətdən sonra hərbi hissələrinə, ön səngərlərə qələbə əzmi ilə qayıdacaqlarını və təəssüratlarını silahdaşları ilə bölüşəcəklərini qeyd ediblər.
Hərbi qulluqçular, şairlər və Poeziya evinin əməkdaşları Vətənə, xalqa, dövlətə sədaqətlərini bir daha bəyan edərək "Azərbaycan" şeirini birlikdə söyləyiblər.
Müdafiə Nazirliyi adından Səməd Vurğun Poeziya evinə "Ruhumuzun qələbəsi naminə" və "Ordu xalqın, xalq ordunun dayağı" kitab-albomları hədiyyə edilib.
Hərbi qulluqçuların ekskursiyası Ulu Öndərimizin aşağıdakı kəlamlarının səslənməsi ilə başa çatıb: "Əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır".
Tədbir iştirakçıları unudulmaz şairin abidəsi önündə xatirə şəkli çəkdiriblər.