Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda böyük tarixi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idmanın üzgüçülük növü üzrə yarış keçirilib.
Turnirin açılış mərasimində Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Turnirdə hərbi institutun və Fövqəladə Hallar Nazirliyinin kursantları ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak ediblər.
İki gün davam edən yarışda iştirakçılar sualtı, sərbəst və brass üsulları ilə üzmə üsulları üzrə güclərini sınayıblar.
Yarışın nəticələrinə görə birinci yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, ikinci yerə Heydər Əliyev adına Hərbi İnstitutun, üçüncü yerə isə Azərbaycan Dövlət Dəniz Akademiyasının komandası layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb.