Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2023 10:44

Ulu Öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - VİDEO

Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikasınım Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam edir.
Ulu Öndər Heydər Əliyevin zəkasının işığında qalib Azərbaycan ölkəsi daha xoşbəxt, firavan gələcəyə, zəfərdən-zəfərlərə doğru inamla irəliləməkdədir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında son 20 ildə qazanılan bütün uğurlarda məhz xalqımızı və dövlətimizi zamanın bütün tarixi-siyasi sınaqlarından uğurla çıxaran dahi liderimizin ideyaları durur.
Ulu Öndər istəyirdi ki, hər bir Azərbaycan gənci vətənpərvər olsun. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur, bu sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
General, zabit, gizir və əsgərlərin iştirak etdikləri Ulu Öndərin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə bu barədə ətraflı söhbət açılıb.
Tədbirdən öncə Ümummilli Liderin hərbi hissə qərargahının qarşısında ucaldılan abidəsi ziyarət olunub, önünə əklil və qızıl güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Əsgər klubunda keçirilən tədbirdə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Ulu Öndərin Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, müasir, mütəşəkkil Azərbaycan Ordusunu yaratmaq, formalaşdırmaq Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun respublikamızın suverenliyini, ərazi bütövlüyünü bərpa edən qalib bir ordu səviyyəsinə qaldırmaq dahi liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.
Nəzərə çatdırılıb ki, Heydər Əliyev mənalı həyatının 60 ilini öz xalqının bu günü və gələcəyi üçün yaşayıb, istər bir Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi Ulu Öndərin həyat amalı yalnız bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin siyasi, iqtisadi və mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqımızdan almış, ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə belə yalnız və yalnız öz xalqına arxalanmışdır. Heydər Əliyevin ideyaları bugün də yaşayır, xalqımızı və ordumuzun şəxsi heyətini daha böyük uğurlu sabahlara aparmaqdadır.
Çıxış edən hərbi qulluqçular Ulu Öndər ilə bağlı xatirələrini söyləyib və bu gün də Heydər Əliyev ideyalarına sadiq qaldıqlarını, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.
Sonra tədbir iştirakçılarına Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin eyniadlı poeması əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı “Xilaskar" adlı rekviyem-tamaşası təqdim olunub. Tamaşada Ulu Öndərin hər bir Azərbaycan əsgəri üçün örnək olan mənalı ömür yolundan, xidmətlərindən geniş söhbət açılıb.
Teatrın yaradıcı heyətinin hər il olduğu kimi, bu il də hərbi hissənin şəxsi heyəti qarşısında yeni proqramla çıxışı böyük maraq və alqışlarla qarşılanıb.