Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2017 19:00

Ulu Öndərin xatirəsi Murovdağın qarlı zirvəsində də yad edilib

24 yanvar 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola salınmış hərbi hissənin əsgər və zabitləri Murovdağın qarlı zirvəsində, döyüş mövqeyində Ulu Öndərimizin xatirəsini ehtiramla yad ediblər.
Hərbi hissənin ilk döyüşçülərindən olan Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani əbədiyaşar Ali Baş Komandanımızın mənalı ömür yolundan, ordu quruculuğundakı müstəsna xidmətlərindən və hərbi hissənin yaranma tarixindən ətraflı məlumat verib.
Qeyd olunub ki, bu hərbi hissə Ulu Öndərimizin təşəbbüsü ilə yaradılmış və cəbhəyə yola salınmışdır. O vaxt yolasalma mərasimində Heydər Əliyev demişdir: " Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır".
Şəxsi heyət harada, hansı döyüşdə olmasına baxmayaraq Ulu Öndərin bu xeyir-duasını unutmamış və hərb tariximizə parlaq səhifələr yazmağa səy göstərmişdir.
Belə ki, Heydər Əliyevdən xeyir-dua alan Vətən oğulları Füzuli, Cəbrayıl və Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, bir çox yaşayış məntəqələrinin düşmən işğalından azad edilməsində müstəsna xidmətlər göstərib. Neçə-neçə döyüşçü şəhidlik zirvəsinə ucalıb, onlarla əsgər və zabit "Azətbaycanın Milli Qəhrəmanı" fəxri adına, döyüş orden-medalarına layiq görülüb.
Hərbi hissənin şəxsi heyəti bu gün də Ulu Öndərin ideyalarına sadiqdir və möhtərəm Prezedentimiz, Silahı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda hər bir əmrinə hər an hazırdır.
Hərbi qulluqçulardan Rasim Manafov, Vüqar İspəndyarov, Əflatun Məsimov, Aqil Cəfərov, Müşviq Məmmədov, Rövlan Əzimov və başqaları çıxış edərək bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərini, ümummilli liderimizin arzularının həyata keçməsi üçün bundan sonra da səylə çalışacaqlarını, peşəkarlıqlarını daha da artıracaqlarını bildiriblər.