Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2025 17:23

Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anılıb - VİDEO

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Tədbirlər planına əsasən Ulu Öndərin bölgələrdəki abidələri ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram nümayiş olunub, ictimai-siyasi hazırlıq məşğələləri, dəyirmi masalar və konfranslar təşkil olunub, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri və müxtəlif idman yarışları keçirilib.
Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələr üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı taleyüklü addımlar minnətdarlıq hissi ilə xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir.
Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar təqdim edilib.