Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2024 18:37

Ulu Öndərin 101 illiyi münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, mayın 10-da Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Plana uyğun olaraq, ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, Ulu Öndərin abidəsi ziyarət olunub.
Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.