Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2016 09:00

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə şəxsi heyəti cəbhəyə yola salınan hərbi hissənin yaranma günü qeyd edilib

1994-cü il yanvarın 24-də yeni komplektləşdirilmiş hərbi hissənin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola salınmışdır.
Yolasalma mərasimində xalqımızın Ümummilli Lideri şəxsi heyətlə görüşmüş, onların qarşısında çıxış edərək Vətən əsgərlərinə uğurlu yol arzulamışdır. Bu gün də hərbi hissənin şəxsi heyəti unudulmaz Heydər Əliyevin dediklərini öz fəaliyyətlərində əsas tutaraq Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
"Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi Qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə, ümumiyyətlə, hamınıza bu şərəfli vəzifənizi - Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməklə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram".
Heydər Əliyevin xeyir-duası ilə cəbhə bölgəsinə yola düşən hərbi hissənin şəxsi heyəti Füzuli və Cəbrayıl rayonları kəndlərinin işğaldan azad edilməsində, Murovdağ uğrunda döyüşlərdə Silahlı Qüvvələrimizin tarixinə şanlı səhifələr yazdı. Neçə-neçə əsgər və zabit şəhidlik zirvəsinə ucaldı. Onlarla döyüşçü müstəqil respublikamızın orden və medalları ilə təltif olundu.
Artıq 22 ildir ki, hərbi hissənin şəxsi heyəti Murovdağ bölgəsinin müdafiəsində dayanıb və Ulu Öndərin cəbhəyə yola saldığı hərbi hissədə Vətənə xidmətdən böyük qürur duyur.
Hərbi hissənin yaranmasının 22-ci ildönümü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Murovdağ döyüşçülərinin şərəfinə ucaldılmış xatirə abidəsini ziyarət edərək önünə çələng və tər qərənfillər qoymuşlar.
Əməkdar mədəniyyət işçisi, polkovnik-leytenant Rafiq Hacıyevin rəhbərlik etdiyi hərbi orkestr görkəmli bəstəkar, xalq artisti Oqtay Kazıminin "Murovdağ nəğmələri" rekviyem-poemasını ifa edib. Ulu Öndərin və şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad olunub.
Sonra tədbirlər tabor və bölüklərdə davam etdirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb, hərbi hissənin keçdiyi şərəfli döyüş yolu barədə məruzə və xatirələr dinlənilib. Fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Hərbi hissənin ilk döyüşçülərindən olan polkovnik Abdulla Qurbaninin, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının çıxışları da maraqla qarşılanıb.
Göygol rayon Mədəniyyət və Turizm şöbəsinin bədii özfəaliyyət kollektivi hərbçilərə musiqi sovqatı bəxş edib.
Murovdağda ön səngərdə keçirilən tədbir zamanı professor X.Kazımlı bir qrup döyüşçünü qiymətli hədiyyə ilə mükafatlandırıb, xalqımızı tezliklə Qələbə müjdəsi ilə sevindirəcəklərinə əminliyini bildirib.
Şəxsi heyət göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib. Onlar torpaqlarımızı işğaldan azad etmək üçün hər bir əmrə hər an hazır və qadir olduqlarını bəyan ediblər.