Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2014 09:00

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir Bakı, 30 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasından tibb xidməti polkovniki, professor Türker Çetinin rəhbərliyi ilə 6 nəfərlik professor-dosent heyəti sentyabrın 29-dan ölkəmizdə səfərdədir.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını, o cümlədən şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Sentyabrın 30-da Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevlə polkovnik Türker Çetinin görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyənin hərbi təbabət sahəsində əlaqələrinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oktyabrın 2-dək davam edəcək səfər proqramında türk həkimləri tərəfindən Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin tələbə və rezidentlərinə mühazirələrin oxunması, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan xəstələrin konsultasiyası, azərbaycanlı həkimlərlə birgə cərrahi və ortopedik əməliyyatların aparılması nəzərdə tutulub.