Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2021 17:59

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib - VİDEO

Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Azərbaycanın Müdafiə naziri, Rusiya Federasiyası Müdafiə nazirinin müavini və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavininin iştirakı ilə mərkəzin rəmzi açılışını bildirən lent kəsilib.
Baş plan üzərində birgə mərkəzin yerləşdiyi ərazi, buradakı modul tipli inzibati, xidməti və yaşayış otaqları barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib.
Sonra qonaqlar ərazidəki monitorinq mərkəzi və brifinq zalı ilə tanış olublar. Onlara birgə mərkəzin təyinatı, fəaliyyəti, vəzifə və tapşırıqları barədə qısa məlumat verilib. Bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.
Qısa brifinqdən sonra qonaqlar mərkəzin sıra meydanına gəliblər. Azərbaycan Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikasının dövlət himnləri səsləndirildikdən sonra mərkəzin şəxsi heyəti ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov birgə mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirərək onun şəxsi heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə həmçinin çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik A.Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini Y.E.Karaosmanoğlu birgə mərkəzin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, mərkəz birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, habelə bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.
Daha sonra mərasim iştirakçıları mərkəzin ərazisində yaradılmış infrastrukturla tanış olub, burada şəxsi heyət üçün quraşdırılmış modul tipli otaqlara baxış keçiriblər. Bildirilib ki, mərkəzin binası və ərazidəki modul tipli yataqxana, idman zalı, yeməkxana, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi lazımi avadanlıq, mebel dəsti, kommunikasiya xətləri, istilik sistemi, su və elektrik xətləri və digər vasitələr ilə təchiz edilib. Ərazidə avtomobil dayanacağı fəaliyyət göstərir.
Mərkəzlə tanışlıqdan sonra qonaqlar şəxsi heyətlə birgə nahar edib.
Tədbir Türkiyə-Rusiya dostluq xiyabanında ağacların əkilməsi və qrup fotosunun çəkilməsi ilə başa çatıb.

 

* * *

 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində Azərbaycanın Müdafiə naziri çıxış edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı:


Hörmətli, Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini,
Hörmətli Rusiya Federasiyası Müdafiə nazirinin müavini,
Hörmətli zabitlər və əsgərlər!
Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı adından Sizi Azərbaycan torpağında salamlayıram.
Cənab zabitlər!
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum əməliyyatını həyata keçirmişdir. Ali Baş Komandanın rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunmuş və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur.  
Türkiyə Respublikasının və Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunmuşdur.
Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixdə imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir.
Mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcəkdir.     
Eyni zamanda əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaqdır.  
Hörmətli tədbir iştirakçıları!
Türkiyəli və rusiyalı hərbi qulluqçuları Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibətilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm.  
Diqqətinizə görə təşəkkür edirəm.