Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2017 19:05

Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalı ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, kontr-admiral Hayati Bilgiçin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və türk şəhidliyini ziyarət ediblər.
Sonra nümayəndə heyətinin üzvləri ümummilli lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Müdafiə Nazirliyinin tibb baş idarəsinin rəisi, general-mayor Natiq Əliyev qonaqlara hərbi hospitalın yaranma tarixi, onun fəaliyyəti, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.
Hospitalın bölmə və şöbələri ilə tanış olan kontr-admiral H.Bilgiç ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib, hərbi tibb fakültəsində təhsil alan tələbə və rezidentlərlə görüşüb.
Sonra qonaqlar Azərbaycan Tibb Universitetinə gələrək təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.
Türkiyə hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.