Tərtər şəhərində N nömrəli hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi hissə komandirinə məruzə olunub, Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən hərbi qulluqçu Anar Cavadov hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan hərbi hissə 1992-ci il martın 3-də yaradılıb. Hərbi hissə yaradıldığı ilk günlərdən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib, döyüş tapşırıqlarını vaxtında yerinə yetirərək, Ağdam, Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təbrik məktublarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. Bir vaxtlar imkanları məhdud olan, yararsız şəraitdə fəaliyyət göstərən hərbi hissədə bu gün müasir tikinti-quruculuq işləri aparılıb, şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Ağcakənd, Şıxarx, Qızıloba və digər ərazilər bu hərbi hissənin apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən azad edilib. Hərbi hissənin şəxsi heyəti qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəxsi heyəti hərbi hissənin yaradılmasının 26-cı ildönümü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlər bu gün uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində qəhrəmancasına dayanaraq döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlıq səviyyəsini daim artırır. Ordumuzun müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır. Hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən təmizləmək iqtidarında olduğunu bir daha nümayiş etdirdi.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtərə səfərlərindən, hərbi hissələrdə əsgərlərlə görüşlərindən, Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara ordumuzun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb.
Hərbi hissənin zabiti Teymur Məmmədov və Tərtər özünümüdafiə taborunun sabiq komandiri, ehtiyatda olan mayor Pənah Məmmədov çıxışlarında hərbi hissənin keçdiyi döyüş yolundan bəhs edib, hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının işğal altındakı torpaqlarımızı azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildiriblər.
Sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Qəhrəman Tərtərin müdafiəsində” kitabının təqdimatı keçirilib. Tərtər rayonunun müasir inkişafını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərini, ordu quruculuğu istiqamətində görülən işləri, tərtərlilərin Vətənimizin müdafiəsində fədakar mübarizəsini əks etdirən kitab Qarabağ müharibəsi veteranlarına, 2016-cı ilin aprel döyüşlərində fərqlənən hərbi qulluqçulara və digər iştirakçılara təqdim edilib.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin bədii proqramı ilə yekunlaşıb.