Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2023 19:08

Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən kütləvi idman tədbirlərinə yekun vurulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 28-də rayon ərazisində yerləşən N saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Tərtər Olimpiya İdman Kompleksində start verilmiş kütləvi idman tədbirləri və Uşaq Gənclər Şahmat Məktəbində təşkil edilmiş viktorina, rəsm və əl işlərindən ibarət sərgilərə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, rayonun təhsil sektorunun, Mədəniyyət Mərkəzinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin Tərtər şəhərinin Mərkəzi meydandakı abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ümummilli Liderin 100 illik yubileyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dahi rəhbərin dövlətçiliyimizin qorunub saxlanması istiqamətində göstərdiyi siyasi fəaliyyətdən, Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunu müasir, müstəqil dövlətimizin qurucusu olan Ulu Öndər formalaşdırıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün dünya standartlarına cavab verən səviyyədədir.
Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində yaradılan C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ordu quruculuğunda əsas bazalardan birinə çevrilib.
Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş meydanında qalib ordu kimi öz sözünü deyir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bunun əyani sübutudur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən polkovnik Elşad Əbilov, üç qat Yay Olimpiya Oyunlarının hakimi, “London 2012” oyunlarının “qızıl fit” mükafatçısı, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim işləyən Hicran Şərifov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladığını, hələ sovet dönəmində onun uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını, bununla gələcəkdə Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldığını vurğulayıblar.
Yekun tədbirdə 3 kilometr məsafəyə qaçış, şahmat, rəsm və əl işlərindən ibarət sərgi, futbol, voleybol, tennis, viktorinalarda fərqlənənlər fəxri fərmanlarla təltif ediliblər. Həmçinin Vətən qoruyucularının asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlər nümayiş olunub.
Sonra Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb.
Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub.
Müdafiə Nazirliyinin əməkdaşlarına və incəsənət nümayəndələrinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib.