Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 19:18

Tərtərdə “Bayraq yürüşü” təşkil olunub

Noyabrın 8-də Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü” keçirilib.
Tədbirdə Müdafiə və Təhsil nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edən yürüşdə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu qeyd edərək bayrağımızın işğal altındakı ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığını və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağını əminliklə vurğulayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib.
Tədbirdə çıxış edənlər “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduqlarını bildiriblər.
Daha sonra hərbçilər nümunəvi çıxışlar təqdim ediblər. “ASAN Könüllüləri” və şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa olunub. Bir qrup vətənpərvər tərtərliyə “Vətən naminə” medalı təqdim edilib.