Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2019 17:12

Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - VİDEO


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbirində şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, deputatlar, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. Güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub.
Sonra yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi səmərəli fəaliyyətə görə və bayram münasibətilə Təlim və Tədris Mərkəzinin bir qrup hərbi qulluqçusu Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Tədbir tanınmış ifaçıların iştirakı ilə təqdim edilən konsert proqramı ilə davam edib.