Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Naxçıvan şəhidləri” kitabının birinci hissəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəhidlərin Naxçıvan Muxtar Respublikasından gələn ailə üzvləri, döyüşçü yoldaşları, dostları, deputatlar, din xadimləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Tədbirdə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarımızın şanlı döyüş yolunu əks etdirən “Naxçıvan şəhidləri” kitabının növbəti hissələrinin də çap olunacağı qeyd edilib.
Çıxış edənlər ötən il sentyabrın 27-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Azərbaycan Ordusunun peşəkar döyüş bacarığından, igid, mərd oğullarımızın keçdiyi şanlı döyüş yollarından, onların hərb tariximizdə açdığı yeni qəhrəmanlıq səhifələrindən, 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azadlığa qovuşmasından, xalq-dövlət-ordu birliyindən, tarix yazan şəhidlərimizin adlarının, xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağından danışıblar.
Sonra şəhid valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, övladlarının adının daima uca tutulduğuna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin şəhidlərimizin xatirəsinə həsr olunan mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda şəhid ailələrinə “Naxçıvan şəhidləri” kitabı təqdim olunub.