Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2019 18:45

Sovet İttifaqı Qəhrəmanı, qvardiya mayoru Müseyib Allahverdiyevin 110 illiyi qeyd edilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağstafa rayonunda azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarından olan tabor komandiri, qvardiya mayoru Müseyib Abdulla oğlu Allahverdiyevin anadan olmasının 110 illiyi münasibəti ilə tədbirlər keçirilib.
Qəhrəmanın ailə üzvləri, hərbi qulluqçular, müharibə veteranları və ictimaiyyət nümayəndələri əvvəlcə Dağ Kəsəmən kənd qəbiristanlığına gedərək xalqımızın igid oğlunun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq məzarüstü abidə qarşısına qızılgüllər düzüblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani İkinci Dünya müharibəsində yüz minlərlə azərbaycanlının iştirakı, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolu, milli atıcı diviziyalarımızın Qafqaz dağlarının ətəklərindən Berlinədək keçdiyi şanlı döyüş yolu barədə çıxışı maraqla qarşılanıb. A. Qurbani ulu öndər Heydər Əliyevin kəlamlarını ziyarətçilərə xatırladaraq deyib: “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini qaldırıblar. Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. Bu mənada, Müseyib Allahverdiyev də bu gün müharibə şəraitində yaşayan ölkəmizin hər bir vətəndaşı, xüsusi ilə hər bir gəncimiz üçün nümunədir”.
Qeyd olunub ki, Müseyib Allahverdiyev və beş nəfər digər yaşıdı görkəmli sərkərdəmiz Əliağa Şıxlinskinin xeyir-duası ilə Tiflis hərbi piyada məktəbinə göndərilib və onlar 1936-cı ildə oranı müvəffəqiyyətlə bitiriblər. O vaxtdan Müseyib Abdulla oğlu taleyini həmişəlik orduya bağlayıb. Finlandiya müharibəsində ilk dəfə döyüş meydanlarına atılıb, qəhrəmanlıq nümunələri göstərib. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq döyüşən ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçib. Qvardiya mayoru rütbəsinədək yüksələn igid həmyerlimizin komandir olduğu tabor Dunay çayını birinci keçərək sonra gələn hərbi hissələrə yol açıb. Macaristan ərazisində son dərəcə ağır döyüşlərdə iştirak edib. Taborun 1944-cü ilin ilk dekabr günlərində apardığı döyüş əməliyyatında düşmənin 500 əsgəri məhv edilib, 2200 nəfər əsir götürülüb, xeyli hərbi texnika, silah-sursat, ərzaq və digər ləvazimatlar ələ keçirilib. O, Budapeştin azad edilməsində xüsusi olaraq fərqlənib və müharibənin qurtarmasına 2 ay qalmış Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonrakı illərdə, 1969-cu ilin may ayına qədər hansı vəzifədə işləməsinə baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlib, gənclərin vətənpərvərlik tərbiyəsində səylərini əsirgəməyib, ömrünün sonuna kimi xalq içində hərbi mundir geyinməkdən qürur hissi keçirib.
Ağstafa Rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Əyyubova, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, əmək veteranı Fərhad Əliyev,  “Ağstafa” qəzetinin redaktoru İbrahim Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi mayor Nazim Çələbiyev, müharibə veteranlarından Mirzahid Hacıyev, Ələddin Qarayev və başqaları çıxış edərək hərb tariximizdə müstəsna xidmətləri olan qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsi və bu işin daim Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində olmasından geniş söhbət açılıblar.
Qəhrəmanın oğlu Şamil Allahverdiyev atasına göstərilən bu ehtiram və hörmətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyinə həsr olunmuş xatirə tədbiri Dağ Kəsəmən kənd tam orta məktəbində davam etdirilib. Reyxstaq üzərində dalğalanan Qələbə bayrağı və Azərbaycanın milli atıcı diviziyalarının döyüş bayraqları ilə əhatə olunan qəhrəmanın büstünün qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik süqutla yad edilib. Müəllim və şagird kollektivinin, eləcə də ictimaiyyət nümayəndələrinin, hərbi qulluqçuların iştirak etdikləri xatirə mitinqində polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.
Nəzərə çatdırılıb ki, tabor komandiri Müseyib Allahverdiyevin müharibə həyatında ən maraqlı məqam Macarıstanda Dunay çayının sahilində olmuşdur. Budapeştin cənub – qərbində düşmənin müdafiə mövqeyini dağıtmaq üçün Dunay çayını keçmək lazım idi. Tabor buna tam hazır olsa da, komandanlıq əmr vermirdi ki, düşmən çox güclüdür, irəliləmək mümkünsüzdür. Müseyib əmr verilmədiyini görüb özü vəziyyəti təhlil edir və qərara gəlir ki, ləngimək olmaz, onsuz da vəziyyət gərgindir. Odur ki, gecənin qaranlığında tabor komandiri yuxarıdan əmr gözləmədən Dunay çayını keçir, faşist ordusunun müdafiə xəttini yarır və qoşunların hərəkətinə yol açır. Qvardiya mayorunun bu “özbaşınalığı” birmənalı qarşılanmır. Müseyibin bu əfsanəvi qəhrəmanlığını gözü götürməyən bəzi qüvvələr bunu “xəyanət” adlandırırlar. Hətta məsələ Ali Baş Komandana qədər gedib çatır. Məsələdən hali olan Stalin qəti şəkildə “Museyib prav!” deyir və onun təltif olunmasını tapşırır. Stalinin qəti cavabından sonra Azərbaycanın igid oğluna SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.
Məktəbdə keçirilən tədbirdə Ağstafa rayon Təhsil şöbəsinin müdiri Kamran Abbasov, bölgədə xidmət edən hərbi qulluqçular adından polkovnik-leytenant Vüqar Allacov, məktəbin direktoru Mahir Nəbiyev və Şamil Allahverdiyev çıxış edərək gəncləri və məktəbliləri ata və babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyə və Vətənə layiq övladlar kimi yetişməyə səsləyiblər.
Müdafiə Nazirliyinin adından məktəb kitabxanasına vətənpərvərlik mövzusunda yazılmış kitablar hədiyyə edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupunun səsləndirdiyi hərbi marşlar və vətənpərvərlik mahnıları ilə xatirə tədbirləri sona yetib.