Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2018 17:55

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə bağlı hərbi hissədə tədbir keçirilib

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir. “N” nömrəli hərbi hissədə keçirilən yubiley tədbiri də bu qəbildəndir. 
Tədbirdə Müdafiə Nazirliyinin, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin nümayəndələri, Buzovna qəsəbəsi 26 saylı tam orta məktəbin müəllimləri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaraların yaddaşlardan heç vaxt silinməyəcəyini, illər keçsə də, bu ölüm-dirim müharibəsinin unudulmayacağını vurğulayıblar. Bildirilib ki, tarixdə xüsusi iz qoymuş İkinci Dünya müharibəsinin illərində Azərbaycan övladları istər ön xətdə, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Belə igid, qorxubilməz Vətən övladlarından biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Qeyd olunub ki, Mehdi Hüseynzadə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb.
Sonra qonaqlar hərbi hissədəki sosial-məişət şəraiti ilə yaxından tanış olub,  ərazidə müxtəlif növ 100 ədəd ağac əkib və əsgərlərlə birgə nahar ediblər.