Artıq bir neçə gündür ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Növbəti tədbir Beyləqan rayonunun Şahsevən kəndində təşkil olunub.
Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun Xatirə muzeyi qarşısına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, cəbhə bölgəsindəki "N" hərbi hissəsinin hərbi qulluqçuları, şəhid ailələrinin üzvləri, aprel döyüşlərində şəxsi rəşadət və şücaət nümunələri göstərən igid oğullar, ictimaiyyət nümayəndələri, məktəblilər əvvəlcə Vətənimizin azadlığı, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.
Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Azərbaycanın qəhrəman oğlu Gəray Əsədovun büstü qarşısına əlvan qızılgüllər düzülüb. "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasının layihə müəllifi polkovnik Abdulla Qurbani 21 yaşlı igid həmyerlimizin əfsanəvi qəhrəmanlıqlarından danışıb.
Qeyd olunub ki, 93 il öncə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açan Gəray Lətif oğlu yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb.
Ağır yaralanmasına və 4 ay hərbi hospitalda müalicə olunmasına baxmayaraq evə-istirahətə deyil, yenidən döyüşlərə atılıb. Bu dəfə səsi-sorağı İkinci Ukrayna Cəbhəsindən gəlib. 93-cü Qırmızı bayraqlı Suvorov ordenli Xarkov diviziyasının qvardiya serjantı Gəray Əsədov Poltava və Xarkov şəhərlərinin azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Moldaviyanı faşistlərdən azad etdikdən sonra azərbaycanlı igid Rumın torpaqlarının faşistlərdən təmizlənməsi əməliyyatlarında da fəal iştirak edib.
Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib.
Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb.
1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı verilib.
Məzarı Vətənimizdən uzaqlarda olsa da xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib, Xatirə muzeyi yaradılıb, haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin Silahlı Qüvvələrinin hər bir əsgər və zabiti üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir.
Polkovnik Elçin Kərimov Şahsevən kəndindəki bu ünvanın Vətən müdafiəçiləri üçün əsil ziyarətgah olduğunu bildirib. O qeyd edib ki, aprel döyüşlərində qələbənin qazanılmasında əcdadların qəhrəmanlıq ənənələrinin təbliği də öz müsbət təsirini göstərib. Ata-babalarımızın qəhrəmanlıq tarixini, döyüş təcrübəsini öyrənmədən yeni qəhrəmanlar nəsli yetişdirmək əsla mümkün deyil. Məhz aprel döyüşlərindəki qəhrəmanlıqlar Cavanşir, Babək, Cavad Xan, Əliağa Şıxlinski, Həzi Aslanov, eləcə də Gəray Əsədov kimi oğulların qəhrəmanlıqlarının davamıdır.
Aprel döyüşlərində şəhid olan beyləqanlı döyüşçülərdən Ayaz Hüseynovun atası Ələkbər Hüseynov və Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev Vətən uğrunda Gəray yaşda oğul itirmələrini ağır bir dərd kimi qarşılasalar da, övladlarının şəhidliyindən böyük fəxarət hissi keçirdiklərini də bildiriblər. Onlar Azərbaycan əsgərinə Qarabağı azad edib tezliklə xalqımıza qələbə müjdəsi gətirmələrini arzulayıblar.
Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov bu kimi tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini və bu işə Müdafiə Nazirliyi rəhbərliyinin xüsusi önəm verdiyini vurğulayıb.
Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev bu kimi tədbirlərin hərbiçilərlə yanaşı, rayon əhalisinin də həyatında əlamətdar bir hadisə olduğunu qeyd edib.
Aprel döyüşlərində göstərdikləri şəxsi rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş beyləqanlı döyüşçülərdən İlyas Nəsirov, Asim Əliyev, Emin Quliyev , Tural Yunisli, Şəmil Mərdanov və başqaları Gəray Əsədovun xatirəsini yaşadan müqəddəs ocaqda, mərasim iştirakçıları qarşısında and içiblər ki, işğal altındakı bütün torpaqlarımızı azad etməyincə silahı yerə qoymayacaqlar.
Şair Bəhram Fərmanzadə və müəllim Fəxrəddin Fərmanov dayılarının adını həmişə əziz tutduqlarına görə Azərbaycan Prezidentinə, bu tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə və qədirbilən xalqımıza Əsədovlar ailəsi adından dərin minnətdarlıqlarını bildiriblər.
Gəray Əsədovun 88 yaşlı bacısı Güllər nənənin xəstə yatağından qalxaraq birbaşa tədbirə gəlməsi, əsgərləri oğul, qardaş kimi bağrına basması və "Hər bir Vətən əsgəri mənim gözümdə elə qardaşım Gəraydı", - deməsi alqışlara səbəb olub.
Güllər nənə qardaşını xatırlayıb, ona məktublar yazdığı günləri yada salıb və belə bir qəhrəmanın bacısı olmaqdan böyük qürur duyduğunu dilə gətirib.
Xatirə mitinqi başa çatdıqdan sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar. Gəray Əsədovun cəbhədən göndərdiyi üçkünc əsgər məktubları, şəxsi əşya və sənədlər, Azərbaycan rəssamlarının əl işləri, eləcə də qəhrəmanın sevgilisi üçün aldığı nişan yaylığı tamaşaçılarda böyük maraq oyadıb.
Müdafiə Nazirliyinin adından Xatirə muzeyinə hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları köksünü düşmənin pulemyot atəşinə sipər edən 21 yaşlı qəhrəmanın Xatirə muzeyindən xoş təəssüratlarla ayrıldılar.