Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2017 22:30

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi-vətənpərvərlik tədbiri keçirilib

Müdafiə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritetlərindən birinin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolu əvəzsizdir. O, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihələrin reallaşdırılması, gənclərimizin hərbi xidmətə həvəsləndirilməsi, müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsində virtual imkanların yaradılması məsələlərindən danışıb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov qeyd edib ki, hazırda Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı gənclərə göstərilən dövlət qayğısının davamıdır. Gənclərimiz bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğrultmalıdırlar. Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq və gənclərimizin inkişafında mühüm rol oynayacaq.
Azərbaycan Prezidentinin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə bir sıra uğurların əldə olunduğunu vurğulanıb. Bildirilib ki, Dövlət Proqramının qəbul edilməsində əsas məqsəd ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq və bütün sahələrdə gənclərin fəal iştirakına şərait yaratmaqdır.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon idarəsinin rəisi İlham Qasımzadə çıxışlarında Dövlət Proqramının əsas vəzifələri sırasında dayanan gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğindən və sağlam həyat tərzindən bəhs ediblər.
Sonra Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İrəvan: gizlədilmiş həqiqətlər” adlı sənədli filmi nümayiş etdirilib.
Sonda “Muğam müsabiqəsi” laureatlarının ifasında “Qarabağ şikəstəsi” ifa olunub.