Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2014 09:00

Silahlı Qüvvələrin şahmat birinciliyi başa çatıb

Bakıda yerləşən hərbi hissələrdən birində təşkil olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şahmat birinciliyi başa çatıb. Yarışda müxtəlif hərbi hissə və birləşmələrdən 12 komanda və 50-dək şahmatçı iştirak edib.
Yarış zamanı hərbçi idmançıların şahmat taxtası arxasında nümayiş etdirdikləri mübarizə əzmi, maraqlı qarşılaşmalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Birincilik FİDE qaydalarına əsasən İsveçrə sistemilə keçirilib və təyin olunmuş 7 turun yekununa əsasən birinciliyin qalibləri müəyyənləşib.
Şahmat birinciliyini Azərbaycan Şahmat Federasiyasının təcrübəli hakimləri, beynəlxalq dərəcəli hakim Vitali Sapronov və respublika dərəcəli hakim Fikrət Sideyifzadə idarə ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Hərbi Dəniz Qüvvələrinin komandası daha yüksək hazırlıq nümayiş etdirib. Komanda hesabında Hərbi Dəniz Qüvvələrinin komandasının şahmatçıları III dərəcəli kapitanlar Elbrus Kəlbiyev, Fərda İbrahimov və matros Amil Abbasov 7 qarşılaşmanın yekununa görə 11 xal toplayaraq rəqibləri üçün əlçatmaz olublar.
"Şəmkir" komandası (mayor Elxan Qurbanov, əsgərlər Süleyman İsmayılov, Qoşqar Əzizov) 10 xal toplayaraq ikinci yeri tutub.
"Piyadalar", "Bərdə" və Hərbi Hava Qüvvələri komandaları yekunda eyni - 9 xal topladıqlarına görə, əlavə əmsallara əsasən, hakimlərin qərarı ilə "Piyadalar" komandasının şahmatçıları (əsgərlər Orxan Talışzadə, Əlisabit Yolçuyev və Fuad Cəfərov) bürünc medala layiq görülüblər.
"Piyadalar" komandasının şahmatçısı əsgər Orxan Talışzadə bütün qarşılaşmalarda rəqiblərini məğlub edərək 100 faizlik nəticə göstərib və fərdi hesabda birinciliyin qalibi olub.
Sonda qaliblərə turnirin mükafatları, fəxri fərman və diplomlar təqdim edildi.