Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2016 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Mərasimdə məruzə ilə çıxış edən Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bildirib ki, aprel ayının ilk günlərində erməni təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən layiqincə alındı. Düşmənə çox böyük zərbələr endirildi, əməliyyat-taktiki cəhətdən əhəmiyyətli hakim yüksəkliklər azad olundu və daha əlverişli hərbi mövqelərə nəzarət bərpa edildi.
"Biz hamımız əminik ki, bu gün Hərbi Akademiyadan məzun olan zabitlər təyin olunduqları yüksək vəzifələrdə tədrisdə aldıqları bilikləri məharətlə tətbiq edəcək və torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında uğurlar qazanacaqlar", - deyə H.Piriyev əlavə edib.
Sonra məzunlara diplomlar və döş nişanları verilib. Məzunlar adından Akademiyaya xatirə hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.