Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2017 17:05

Silahlı Qüvvələrin Hərbi Akademiyası Bilik Fondu ilə birgə “Müdafiə və təhlükəsizlik” mövzusunda konfrans keçirib

Noyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndirilib.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə mütəmadi təmin olunduğunu qeyd edib, müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb, ümummilli lider Heydər Əliyevin ordunun hərbi potensialının artırılması sahəsində atdığı addımlardan, Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri və struktur dəyişikliklərindən, hərbi hazırlığa elmi yanaşmanın vacibliyindən danışıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan xalqının zəngin hərbi-tarixi ənənələrinə sadiqliyindən söz açıb, ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə olduğunu xüsusi vurğulayıb, fondun Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilmələri istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb və bu işdə Hərbi Akademiyanın kadr potensialından geniş istifadə olunduğunu bildirib.
Hərbi Təhsil İdarəsi hərb elmi şöbəsinin rəisi, professor Əziz Talıbov və Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktdura və elm şöbəsinin dosenti Şahrza Ağayev konfransın əhəmiyyətindən danışıb, ölkəmizin inkişafında sabitlik, dinamik iqtisadi irəliləyişlə yanaşı, güclü ordu quruculuğunun da vacibliyini vurğulayıblar. Bildirilib ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Plenar iclasın sonunda Bilik Fondunun icraçı direktoru O.Səmədov və Hərbi Akademiyanın rəisi general-leytenant H.Piriyev hər iki qurumun 2018-ci il üçün Birgə Fəaliyyət Planını imzalayıblar.
Konfrans “Hərb məharəti və maddi-texniki təminat”, “Texniki elmlər”, “Hərbi pedaqogika”, “Hərbi humanitar elmlər”, “Milli təhlükəsizlik”, “Müharibə və hərbi hüquq”, “Hərbi təbabət” bölmələri üzrə elmi məruzələrlə davam edib.