Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2019 17:30

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı ilə görüşüb - VİDEO

İyulun 10-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik N.Sadıkov qonağı salamlayaraq onu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
General T.Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.