Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2017 15:40

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib

Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları hospitalın həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycan dövlətinin banisinin xatirəsini yad ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib.
Tibbi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov onları yubiley münasibətilə təbrik edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi, hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb.
Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.
Nazir Silahlı Qüvvələrin tibb heyətinə uğurlar diləyərək hərbi tibb müəssisələrinə müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərilməsinə dair tapşırıqlar verib.
Sonra səhiyyə sahəsində göstərdikləri xüsusi xidmətlərə görə müdafiə nazirinin əmri ilə şəxsi heyətin bir qrupu təltif olunub.