Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2015 09:00

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 23 il ötür

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 23-cü ildönümü münasibətilə tibb müəssisəsində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Dövlət himninin səsləndirilməsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin xüsusi vurğulayıb. N.Əliyev deyib: "Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtı ilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi “Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır” sözləri artıq reallığa çevrilib”.
Qeyd edilib ki, hərbi qulluqçuların istifadəsinə verilən hospital o dövr üçün postsovet məkanında bənzəri olmayan hərbi tibb müəssisəsi idi. Əlamətdar haldır ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib. Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan, 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə korpusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi qulluqçuların istifadəsinə verilib. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına xüsusi qayğı göstərir.
Sonra təcrübəli tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə hospitalın şəxsi heyətinə təbriklərini çatdırıblar.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə “çavuş” hərbi rütbələri verilib.
Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş olunub.