Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2015 09:00

Silahlı Qüvvələrdə ümumordu iməciliyi sona çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Ordusunda, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində mayın 2-də təşkil edilən ümumordu iməciliyi sona çatıb.

* * *
Ümumordu iməciliyində Maddi-Texniki Təminat, Müdafiə Sənayesi, Satınalma və Təchizat, Mənzil-İstismar idarələrinin şəxsi heyəti yaxından iştirak edib.
İməcilikdən əvvəl Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Qorxmaz Qarayev şəxsi heyət qarşısında çıxış edərək Baş İdarədə və onun tabeliyində olan hərbi hissə, anbar və bazalarda müvafiq tədbirlər planı hazırlanaraq nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsini diqqətə çatdırıb.
Yüksək əhval-ruhiyyədə olan hərbi qulluqçular hərbi vətənpərvərlik mahnılarının sədaları altında ərazidə təmizlik və abadlıq işləri aparıb, müxtəlif növ ağac və gül kolları əkib, yaşıllıqlara qulluq göstəriblər.
* * *
Şəmkir bölgəsindəki hərbi birliyin birləşmə və hərbi hissələrinin yerləşdiyi yaşayış məntəqələrində də iməciliklər keçirilib.
İməcilikdə birliyin şəxsi heyəti fəal iştirak edərək ümummilli liderimiz Heydər Əliyevin və Böyük Vətən müharibəsində həlak olanların abidələri, Şəhidlər Xiyabanı, tarixi və xatirə abidələri, memorialların ətrafında, həmçinin hərbi hissələrin ərazilərində abadlıq işləri aparıb, ağac və kollar əkib, səliqə-səhman yaradıblar.
Gəncə şəhərində keçirilən iməcilikdə hərbi orkestrin, digər yerlərdə isə texniki vasitələrdən istifadə edərək hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tovuzda keçirilən iməcilikdə hərbi hissənin şəxsi heyəti ilə birlikdə tədbirə millət vəkili Qənirə Paşayeva da qatılıb.
Yerli əhali də keçirilən iməciliyi böyük rəğbətlə qarşılayıb, ona maraq göstərib, hərbi qulluqçularla birgə iməcilikdə iştirak edib və ərazidə açılan çöl-səhra yeməkxanalarında əsgərlərlə nahar ediblər.

* * *
Beyləqan şəhərindəki hərbi birliyin əsgər və zabitlərinin iştirakı ilə də iməcilik keçirilib. Əvvəlcə hərbi hissədə tədbir təşkil olunub. Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, respublika həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğunda əvəzolunmaz xidmətlərindən danışıblar. İkinci Dünya müharibəsi, alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan da bəhs olunub, tezliklə erməni faşizmi üzərində də qələbə qazanılacağına əminlik ifadə edilib.
Hərbi hissələrin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin və Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin önünə tər çiçək dəstələri düzüblər. Hər iki abidənin ətrafında keçirilən iməcilik zamanı ərazilərdə abadlıq, təmizlik işləri görülüb, həmişəyaşıl ağaclar əkilib.
Həmin gün Böyük Vətən müharibəsi veteranı Manur Hüseynovla əsgərlərin görüşü də keçirilib. Müharibə veteranı əsgərlərə döyüş təəssüratlarından danışıb, Vətənin müdafiəsində ayıq-sayıq dayanmağı, torpaqlarımızı göz bəbəyi kimi qorumağı tövsiyə edib.
* * *
Bakı və Sumqayıt qarnizonlarının hərbi hissələrində də iməcilik tədbirləri həyata keçirilib.
Açılışlarda çıxış edənlər tədbirin mahiyyətindən danışaraq onun keçirilməsinin vacibliyini, şəxsi heyətin böyük fəallıq göstərməsini xüsusi qeyd ediblər.
Sonra hərbi qulluqçular ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan guşələrdə və digər müəyyənləşdirilmiş sahələrdə abadlıq, səliqə-sahman işləri görüb, yaşıllaşdırma işlərini həyata keçiriblər.