Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2014 09:00

Silahlı Qüvvələrdə hərbi-vətənpərvərlik sənədli filmləri həftəsinə start verildi

Lənkəran Qarnizon Zabitlər Evində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" studiyasında Respublika Gənclər Mükafatı və Beynəlxalq Kino Festivalları laureatı Tahir Əliyevin rejissorluğu ilə çəkilmiş hərbi-vətənpərvərlik sənədli filmləri həftəsinin açılışı oldu.
Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani qonaqları salamlayaraq qeyd etdi ki, bu gün Silahlı Qüvvələrdə şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəmnində tərbiyə olunması, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərin aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələləri daim Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 70 illik yubileyi ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planına əsasən təşkil olunan sənədli filmlər həftəsinin də şəxsi heyətin həyatında əhəmiyyətli və yaddaqalan bir hadisə olacağını vurğulayan polkovnik daha sonra nümayiş etdiriləcək filmlərin rejissoru Tahir Əliyevi təqdim edərək bildirdi ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" kinostudiyasında kinorejissor kimi fəaliyyət göstərir. İstedadlı və təcrübəli rejissor 2005-ci ildə Respublika Gənclər Mükafatına layiq görülmüş, ilin ən yaxşı sənədli film rejissoru elan edilmişdir.
Moskva, Sevastopol, Lipetsk, Yekaterinburq, Ərzurum, Sankt-Peterburq, Volakalmsk, Kursk, Novo-Qoritsa və dünyanın bir çox şəhərlərində keçirilən Beynəlxalq Kino Festivalların xüsusi diplom, priz və mükafatlarını almış kinorejissor Tahir Əliyevin yaradıcılığının ana xəttini hərbi vətənpərvərlik mövzusu, xüsusilə də faşizm üzərində qələbədə Azərbaycan xalqının müstəsna xidmətlərinin tərənnümü təşkil edir.
Məhz sənədli filmlər həftəsi ərzində hərbi hissələrin şəxsi heyəti, eləcə də lənkəranlılar "Təxəllüsü "Mixaylo", "Unudulmuş partizan", "Səhra gülü", "9-cu korpus", "Qafqaz qartalının uçuşu", "Medo Hollandiyadadır", "Xəzərdən Dunaya" filmlərinə baxa biləcəklər.
Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev öz çıxışını Ulu Öndər Heydər Əliyevin kəlamları ilə başladı: "Atalarımızın, babalarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır".
O, son vaxtlar Silahlı Qüvvələrdə bu kimi tədbirlərin vaxtaşırı olaraq təşkilini yüksək qiymətləndirdi və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirərək qeyd etdi ki, belə tədbirlər şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırlığında, həmçinin mülki əhalinin ata-babaların qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda maariflənməsində xüsusi əhəmiyyət kəsb edir.
"Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Böyük Vətən müharibəsi veteranı Ağadadaş Səmədov, Daxili Qoşunlarin zabiti, polkovnik-leytenant İlqar Məmmədov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Lənkəran şöbəsinin zabiti, mayor Elnur Məmmədov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, mayor Hümmət Bəndiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağamir Cavad, yazıçı-publisist Hafiz Mirzə, Əfqanıstan müharibəsinin iki "Qırmızı Ulduz" ordenli veteranı Əflatun İsmayılov və başqaları çıxış edərək sənədli filmlər həftəsinin gənclərin döyüş ruhunun daha da yüksəlməsində, Vətən torpaqlarının keşiyində onların ayıq-sayıq dayanmasında, düşmən təcavüzünün qarşısını qətiyyətlə almalarında böyük rol oynayacağına əminliklərini bildirərək tədbirin iştirakçılarına minnətdarlıq etdilər.
Lənkəran Qarnizon Zabitlər Evinin rəisi, polkovnik-leytenant Etibar Əliyev sənədli filmlər həftəsinin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradıldığını bildirdi, kinorejissora və filmlərin yaradıcı heyətlərinə bundan sonra da uğurlar arzuladı.
Əsgər Xəyal Məmmədov və şəhər məktəblisi Jalə Bayramzadə sənədli filmlər həftəsinin açılışına həsr olunmuş ədəbi-kompozisya təqdim etdilər. Kinorejissor Tahir Əliyev tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, artıq o, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Abdulla Qurbanini ssenarisi əsasında Belarusun alman-faşist işğalçılarından azad edilməsində xüsusi xidmətləri olmuş azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və Azərbaycanın ərazi bütövlüyü, əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət nümunələri göstərmiş belarusiyalı Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviç haqqında "İki xalqın övladları" adlı sənədli film üzərində işləyir.
Kinorejissorun çıxışından sonra tədbir iştirakçıları "Təxəllüsü "Mixaylo" və "Səhra gülü" filmlərinə baxdılar.
Sənədli hərbi vətənpərvərlik filmləri həftəsi iyul ayının 23-dək davam edəcəkdir.