Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2017 17:15

Silahlı Qüvvələrdə Dövlət Müstəqilliyi Günü qeyd edilir

26 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Xalq XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Sonrakı dövrdə müstəqilliyimizin möhkəmləndirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidi ilə onun siyasi hakimiyyətə qayıdışı müasir dövlətçiliyimizin bünövrəsini qoymuş oldu. Hazırda bu dövlətçilik strategiyası Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizin bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrimizdə də Dövlət Müstəqilliyi Günü qeyd edilir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə müxtəlif hərbi hissələrdə keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edənlər qeyd olunan tarix haqqında xatirələrini bölüşərək məhz Ümummilli Liderimizin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisinin Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardığını şəxsi heyətə çatdırıblar.
Bildirilib ki, Ulu Öndər ölkədə xaosu, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı, yeni Silahlı Qüvvələrin formalaşmasının əsasını qoydu, dövlətimizin müstəqilliyinin əbədi və dönməz olmasını təmin etmək məqsədilə ölkəmizin möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutmasına nail oldu. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.
Hərbi hissələrdə keçirilən tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivləri şəxsi heyətə maraqlı konsert proqramları təqdim edib.