2019-cu tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar-epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəraitində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin məqsədi səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi, xüsusi texnika və avadanlığın yerləşdirilməsi, işin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, sanitar-epidemioloji və bakterioloji kəşfiyyatın aparılması, səhra şəraitində bakterioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası, ocaqlı deqazasiya, dezaktivasiya və dezinfeksiya işlərinin görülməsi olub.
Şərti düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi ərazidə dozimetrik ölçmələrin aparılması, bioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası məqsədilə nümunələrin götürülməsi, çirklənmə ocağının sərhədlərinin təyini, dozimetrik ölçmələrin nəticələrinin qiymətləndirilməsi, bakterioloji və toksiko-radioloji tədqiqlərin aparılması da praktiki yerinə yetirilib.