Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanları Anar Əliyev və Nihad Babayevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.
Anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın Vətənə qüsursuz xidmətlərindən, şücaət və igidliklərindən danışıblar. Bildirilib ki, tariximizin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında hərbi qulluqçularımız şücaət göstərib, canlarını belə əsirgəməyiblər. "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş hər iki şəhidimiz peşəkar zabit kimi nümunəvi xidmətləri, vətənpərvərlikləri, şərəfli döyüş yolu, bilik və bacarıqları ilə öz davamçılarına əsl örnəkdirlər.
Sonda şəhid zabitlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.
Sonda hərbi hissələrin özfəaliyyət kollektivləri və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək vətənpərvərlik ruhunda şeirləri bədii qiraət edib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri şəhidlərimizi tərənnüm edən musiqi nömrələri təqdim ediblər.