Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2017 19:38

Şəhidin xatirəsi anılıb

Müdafiə Nazirliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbələrinin ildönümü və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" (ölümündən sonra) medalı ilə təltif olunmuş şəhid əsgər Sarvan Mehrəliyevin il mərasimi ilə əlaqədar Pirallahı qəsəbəsində tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbiri Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani açaraq qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşlərində düşmən üzərində qazandığımız qələbələr dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərdi. Düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradı və illər boyu öz ordusu haqqında yaratdığı mif darmadağın edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində düşmən təkcə məğlub edilmədi, sındırıldı. Aprel zəfəri hərb tariximizin parlaq bir səhifəsi kimi yaddaşlara həkk olundu.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, aprel döyüşləri zamanı bütün xalqımız kimi Pirallahı rayonunun əhalisi də Ali Baş Komandanın hər bir əmrinə hazır idi. Həmin günlərdə xalqımız Ali Baş Komandanın ətrafında bir daha sıx birləşərək qəhrəman ordumuza dəstək nümayiş etdirdi. Pirallahıdan olan əsgər və zabitlərimiz aprel döyüşlərində əsl vətənpərvərlik, qəhrəmanlıq nümunələri göstərdilər. Bu rayonda məskunlaşmış, əslən Xocalının Meşəli kəndindən olan əsgər S.Mehrəliyevin qardaşı Namiqlə Lələtəpə uğrunda döyüşlərdə, eyni səngərdə göstərdiyi şəxsi rəşadət və şücaət nümunələri hamımızı qürurlandırdı. Anası Xatirə xanımın himayəsində böyümüş hər iki qardaş bir daha Vətənə, dövlətə, xalqa və öz müdrik Prezidentinə, qətiyyətli Ali Baş Komandanına sədaqətlərini göstərdilər. Möhtərəm Prezidentimizin tapşırığına əsasən şəhidin ailəsi hər cür qayğı ilə əhatə olunub, sosial problemləri yüksək səviyyədə həll olunub.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev ulu öndər Heydər Əliyev ilə başlanan ordu quruculuğu siyasətinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü ordu olduğunu nəzərə çatdırıb və iştirakçısı olduğu aprel döyüşləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
General-mayor R.Əliyev bu gün çapdan çıxan “Aprel döyüşləri - ruhumuzun qələbəsi” silsiləsindən A.Qurbaninin “Lələtəpə fatehləri” kitabının ilk nüsxəsini Lələtəpəni ilk fəth edənlərdən olan Lələtəpə uğrunda döyüşlərin ilk şəhidlərindən biri S.Mehrəliyevin anasına təqdim edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri və digər çıxış edənlər aprel döyüşlərindəki şanlı qələbəmizdən danışıb və əgər Ermənistan silahlı qüvvələri aprel döyüşlərindən nəticə çıxarmayacaqlarsa bu əməliyyat kimi bir çox əməliyyatlara da hazır olduqlarını və Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər.
Şəhidin anası və qardaşı şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Əgər döyüş yenidən başlayarsa şəhid anası oğlu ilə birgə çiyin-çiyinə döyüşməyə hazır olduğunu qeyd edib.