Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2015 09:00

Şəhidin medalı ailəsinə təqdim edilib

2014-cü il oktyabrın 9-da şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlunun Ağdam rayonunda il mərasimi keçirilib.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə nazirinin başsağlığını şəhidin ailəsinə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını T.Əhmədovun adını daşıyan yeddi aylıq oğlu Turalın yaxasına sancıb.
Ağdam rayon icra başçısının müavini, Qarabağ müharibəsi iştirakçısı Arzu xanım Rəhimova çıxışında qeyd edib ki, rayon 2000-ə yaxın şəhid verib, 17 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb, neçə-neçə ağdamlı müstəqil respublikanın orden və medalları ilə təltif olunub. Hazırda rayonda 1000-ə yaxın Qarabağ qazisi yaşayır. Ağdamlılar hər an Qarabağ uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır.
Ağdam rayonu Qiyaslı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndə, zabit atası, Sərxan Rüstəmov öz çıxışında bildirib ki, təkcə bizim kəndimiz 63 şəhid verib. Bu gün məcburi köçkün şəhərciyində məskunlaşmağımıza baxmayaraq doğma yurd yerlərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq.
Silahdaşları adından çıxış edən zabitlər Elşən Əliquliyev və Səməd Məmmədov Tural Əhmədovun sağlığında hərbiçi kimi düşmənə xeyli itki verdiyini vurğulayaraq onun şəxsi rəşadət və şücaət nümunələrindən danışıblar.
Şəhidin anası Kifayət Ələkbər qızı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailə adından dərin minnətdarlığını bildirib.