Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2014 09:00

Şəhid Seyfəddin Kərimovun medalı ailəsinə təqdim olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin və hərbi hissənin bir qrup zabit heyəti Gəncə şəhərində olub və aprel ayında şəhid olmuş əsgər Kərimov Seyfəddin Nəvai oğlunun ailəsinə baş çəkiblər.
Müdafiə nazirliyinin rəhbərliyi adından Dövlət Bayrağı Günü münasibətilə şəhidin valideynlərini təbrik edən nazirliyin zabiti polkovnik Abdulla Qurbani deyib: "Bayram günündə bu ünvana üz tutmağımız heç də təsadüfi deyildir. Şəhidlərimiz bayrağımızın zərrələridirlər. "Bayraqları bayraq edən, üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir!". Bayraq yalnız Vətən və torpaq uğrunda şəhid olanların önündə əyilər və şəhid cənazəsi üzərinə sərilər".
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından Müdafiə nazirinin əmr ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhid Seyfəddin Kərimovun ailəsinə təqdim olunub.
Hərbi birliyin komandanlığı adından çıxış edən polkovnik Elçin Kərimov torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu və tezliklə şəhidlərimizin intiqamının alınacağını qeyd edib.
Şəhidin atası Nəvai Kərimov çıxış edərək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra mərasim iştirakçıları Gəncə şəhəri Şəhidlər xiyabanına gedərək Vətən uğrunda şəhid olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.