Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2019 18:57

Şəhid övladlarının müayinə və müalicəsi aksiyası keçirilib - VİDEO

Müdafiə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan bayramı münasibətilə şəhid övladlarının müayinə və müalicəsi aksiyası keçirilib.
Tədbirin əsas məqsədi şəhid övladlarının sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanaraq müayinə edilməsi və onlara müalicənin təyin olunmasıdır. Aksiya çərçivəsində şəhid övladlarının sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilib.
İyunun 3-də ATU Tədris Cərrahiyyə Klinikasında baş tutan tədbirdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova bildirib ki, ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların ailələrinə hər zaman dövlət rəhbərliyinin, o cümlədən Müdafiə Nazirliyinin xüsusi diqqət və qayğısı olub. “Şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu ailələrin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Müqəddəs Ramazan bayramı münasibətilə keçirdiyimiz bu aksiyada da onların yanında olmaq istədik”, - deyə Z.Səmədova qeyd edib.
Gün ərzində uşaqların pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən müayinəsi aparılıb, qan analizləri götürülüb və ultrasəs müayinəsi keçirilib. Həkim baxışı və müayinələr zamanı ortaya çıxan problemlərin yerində aradan qaldırılması üçün tədbirlər görülüb.
Şöbənin həkimləri şəhid övladlarının müayinəsində böyük həvəslə iştirak etdiklərin bildiriblər. Uşaqların valideynləri bu xeyirxah aksiyanın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.  
Qeyd edək ki, iyunun 4-də davam edəcək aksiyada daha 30 şəhid övladının müayinədən keçməsi və müalicəsinin aparılması nəzərdə tutulub.