Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
Bu münasibətlə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhid əsgərin 19 il öncə dünyaya göz açdığı ata ocağında Müdafiə Nazirliyinin rəsmilərinin, rayon rəhbərliyinin, hərbi qulluqçuların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani mərasimi açaraq bildirib ki, bir neçə gün öncə Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirlərinin qoşunların bu istiqamətdə qarşıdurma xəttinə səfər etməsi ilə sərhəddə yenə də insident baş verib. Şübhə yoxdur ki, əsgərimiz onların məkrli və hiyləgər təbliğatı nəticəsində şəhid olub. Azərbaycan Ordusu düşmənin cavabını qısa vaxtda artıqlaması ilə verəcək.
Qeyd olunub ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi 2016-cı ilin Aprel döyüşlərindən nəticə çıxarmaq əvəzinə yenidən cəfəngiyat, yalan, böhtan dolu bəyanatlar verməklə məşğuldur. Düşmən bilməlidir ki, Azərbaycan heç bir zaman itirilmiş torpaqlarında ikinci “erməni dövləti”nin yaradılmasına imkan verməyəcək.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından şəhidin ailəsinə, doğmalarına bir daha dərin hüznlə başsağlığı verib, səbir arzulayıb.
Nazir müavini deyib: “Azərbaycan əsgəri səngərdə hər zaman ayıq-sayıq dayanıb, düşmənin istənilən təxribatının cavabı layiqincə və artıqlaması ilə verilir. Çünki ordumuzda Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov, Adil Tatarov kimi oğullar yetərincədir. Azərbaycan əsgəri yaxşı bilir ki, o, öz Vətənini, öz ailəsini, öz ata-anasını, bacı-qardaşını qoruyur. Azərbaycan əsgəri əmindir ki, onun arxasında böyük Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Prezidenti durub. Şəhid olarsa şəhid kimi, qazi olarsa qazi kimi xidmətləri yüksək qiymətləndiriləcək, adı əbədiləşdiriləcək, xatirəsi həmişə əziz tutulacaq”.
Sonra əsgər Tatarov Adil Əli oğlunun ölümündən sonra təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
Şəhidin atası Əli Tatarov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xalq Artisti Tariyel Qasımov, şəhid qardaşı Şahin Cəlilov, şəhidin müəllimi Turan Yaqubəliyev və başqaları çıxış edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə “Şəhidlər ölməz Vətən bölünməz!”, “Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq!” şüarları səsləndirilib.