Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2014 09:00

Şəhid əsgər Həsənli Zaur Söhbətdin oğlu dəfn edilib

Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlu iyunun 3-də Xırdalan şəhərində dəfn olunub.
Əsgər Z.Həsənlinin cənazəsi şəhid olduğu Naxçıvan torpağından Bakıya xüsusi təyyarə ilə gətirilib.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Xırdalan şəhər İcra Hakimiyyətinin, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər.
Mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək Müdafiə Nazirliyinin rəhbərliyi adından onun ailəsinə dərin hüznlə başsağlığı verib.
Sonra şəhidin babası Abbas kişi çıxış edərək, nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Xırdalan şəhər məzarlığına aparılıb.
Şəhid Zaur Həsənli əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin qardaşına təqdim edilib.
Mərasim iştirakçıları Şəhidlər Xiyabanını "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları ilə tərk ediblər.