Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2017 10:45

Şəhid əsgər Çingiz Qurbanovla vida mərasimi keçirilib - VİDEO

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanov ilə fevralın 6-da vida mərasimi keçirilib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev şəhidin valideynlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Qeyd edilib ki, şəhidimizin cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq, fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib. Yollara çıxmış yüzlərlə insan şəhidlik zirvəsinə ucalmış əsgərimizə hörmət və ehtiramlarını bildiriblər.
İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.
Şəhidin atası Salman Qurbanov oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Şəhid atası kimi, sizi əmin edirəm ki, torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrinə hazıram. Allah şəhidlərimizə rəhmət eləsin”.
Sonda şəhid Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün onun doğulduğu Qusar rayonuna yola salınıb.