Yanvarın 24-də Naxçıvan Beynəlxalq Hava limanında Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin, Daxili Qoşunların Naxçıvan alayının, Naxçıvan sərhəd diviziyasının, Fövqəladə Hallar Nazirliyinin mülki-müdafiə alayının zabitlərindən ibarət nümayəndə heyəti şəhid Elnur Cəfərovun cənazəsini, Naxçıvan şəhər ictimayəti ilə birgə təntənəli şəkildə qarşıladılar.
Cənazə böyük maşın karvanının müşayiəti ilə şəhid Elnur Cəfərovun ata yurduna, Şərur rayonunun Axamməd kəndi istiqamətində hərəkətə başladı. Yol boyu insanlar şəhidin cənazəsi önündə baş əyir, hərbiçilər farağat komandasında dayanaraq hərbi salam verirdilər.
Şəhidin cənazəsi el adətinə uyğun olaraq ata ocağına gətirildi. Burada uşaqdan-böyüyə hamı onunla vidalaşmağa və onun əsl vətən oğlu kimi göstərdiyi fədakarlıq önündə baş əyməyə gəlmişdilər.
Hamı bir söz deyirdi: "O, ölmədi, Şəhid oldu, əbədiyyətə qovuşdu", "Başın sağ olsun Vətən", "Təki Vətən yaşasın". Atası Cəfər kişi əlini kənd camaatına tərəf qaldıraraq dedi: "Camaat, mən fəxr edirəm ki, mənim oğlum Elnur Azərbaycanımızın torpaqları uğrunda canından keçərək Şəhid oldu!"
Cənazə dəfn olunmaq üçün hərbçilərin çiyinləri üzərində minlərlə insanın müşayiəti ilə Şəhidlər xiyabanına aparıldı. Üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazə xiyabanda əvvəlcədən hazırlanmış xüsusi yerə gətirildi.
Şəhid Elnur Cəfərovun ruhuna ehtiram əlaməti olaraq mitinq keçirildi. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin zabit yoldaşları çıxış etdilər.
Elnur Cəfərovu son mənzilə yola salınarkən, cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonunda, şəhidlərin dəfn olunması qaydalarına uyğun olaraq, təntənəli şəkildə şəhidin atasına təqdim olundu. O, üçrəngli Azərbaycan bayrağını mərasim iştirakçıları qarşısında öpərək başı üzərinə qaldırdı.
Azərbaycan xalqı Şəhidlərimizin adını daim uca tutacaq, Vətən uğrunda canından keçənlərin xatirəsinə kölgə salmaq cəhdlərinə heç vaxt yol verməyəcəkdir!
***
Yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, onun müavinləri, Baş nazir və onun müavinləri, aparat rəhbəri və generallar şəhid Elnur Cəfərovun yas mərasimində iştirak ediblər.
Allah Şəhidlərimizə rəhmət eləsin!