Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:58

“Şəhadət” filmi “N” saylı hərbi hissədə nümayiş etdirilib

Bərdə rayonundakı “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbirdə Komitənin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov, hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.
Hərbi hissənin zabiti polkovnik-leytenant Babək Səmidli ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya nümunə ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. O, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Zabit “Şəhadət” filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Vandalizm” filmləri barədə tədbir iştirakçılarına məlumat verib, bu ekran əsərlərinin dini maarifləndirmə sahəsindəki uğurlu nəticələrindən danışıb. O, Azərbaycan xalqının əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədə mövcud potensialın inkişafı, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirləri xüsusi vurğulayıb.
Sonra radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verən Komitə sədrinin müavini bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğinin genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin ən səmərəli vasitə olduğunu bildirib.
“Şəhadət” filmi nümayiş etdirildikdən sonra tədbir iştirakçıları film barədə təəssüratlarını bölüşüblər.