Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2016 09:00

Səbail məktəbliləri Qusara istirahətə yola salınıb

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 180 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.
Yolasalma mərasimini Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq bu tədbirin yeniyetmələrin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını, istirahət müddətində digər tədbirlərlə bir sırada aprel döyüşlərinin iştirakçıları ilə görüşlərin təşkil olunacağını qeyd edib.
Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, onlara diqqət və qayğıdan, bu istiqamətdə rayonda görülən işlərdən danışıb. O, bildirib ki, bu layihə artıq ənənəvi xarakter daşıyır. Onun fəaliyyəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılıb. Düşərgəyə gedən məktəblilər təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçiliblər. Onlar istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər.
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev deyib ki, tədbirin əsas məqsədlərindən biri məktəblilərdə hərbçi peşəsinə marağın artırılmasına şərait yaratmaqdan ibarətdir. Hərbi hissədə yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıb.
Uşaqlar üçün xüsusi geyim və idman ləvazimatları alınıb. Düşərgədə yeniyetmələr gündə dörd dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin ediləcəklər. Onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar.