Aprelin 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan bir qrup gənc üçün bir günlük simvolik əsgəri hərbi xidmət təşkil edilib.
İlk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ölkənin 20 rayonunu təmsil edən 29 nəfər gənc (5 nəfər I qrup, 11 nəfər II qrup, 13 nəfər III qrup əlil) hərbi forma geyinərək təntənəli surətdə "həqiqi bərbi xidmətə" yola salınıb.
Gəncləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri və hərbi orkestr qarşılayıb.
Hərbi şəhərciklə tanış olan "çağırışçılar" qısa məlumatlandırmadan və sıra hazırlığı məşğələsindən sonra Hərbi andı rəmzi olaraq təntənəli şəkildə qəbul ediblər.
Dövlət himni ifa edildikdən sonra müharibə veteranları, ictimaiyyətin nümayəndələri onları təbrik edib və "gənc əsgərlər" tribuna önündən keçiblər.
Andiçmə mərasimindən sonra "əsgərlər" Azərbaycan Hərb Tarixi Muzeyinə gedərək, açıq səma altında nümayiş olunan müxtəlif illərin döyüş texnikaları, hərbi təyyarələri, helikopterləri, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, sualtı qayıq və digər hərbi qurğularla, o cümlədən muzeyin digər eksponatları ilə tanış olublar.
"Əsgərlər" sonra Təlim və Tədris Mərkəzində zirehli texnikalar, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində iştirak edərək bu istiqamətdə geniş məlumatlandırılıblar.
Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu "əsgərlər"i daha çox cəlb edib. Onlara qurğu və avadanlıqlar barədə məlumatlar verilib, müasir qurğular vasitəsilə zirehli texnikanın idarə edilməsini yaxından izləyib, növbə ilə tankın "sükanı" arxasına keçərək zirehli texnikanı praktiki olaraq "idarə ediblər".
Sonra gənclər əsgər yeməkxanasında olub, şəxsi heyətlə birgə nahar ediblər.
Təlim və Tədris Mərkəzinin klubunda Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının müşayiəti ilə gənclər üçün "Səni tərənnüm edirəm Azərbaycan əsgəri" adlı konsert təşkil edilib.
Tədbirin sonunda "əsgərlər" Ümummilli lider Heydər Əliyev muzey-lektoriyası ilə tanış olub, gənclərə bir günlük hərbi xidmətlərindən xatirə olaraq rəmzi Hərbi bilet və hədiyyələr təqdim edilib.