Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2014 09:00

Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən gənclərə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

Əziz gənclər!
Hörmətli həmvətənlər!

Sizi Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Vətənimizin müdafiəçiləri və ölkəmizin gələcəyinin təminatçıları kimi Sizə ən xoş arzularımı bildirirəm.
Gənclər forumunun ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təşkil olunması və müvəffəqiyyətlə keçirilməsi gənc nəslin həyatında əlamətdar hadisəyə çevrilmiş, müstəqil respublikamızın möhkəmlənməsində, onun inkişafında və gündən-günə çiçəklənməsində gənclərin mühüm qüvvə olduğunu sübuta yetirmişdir.
Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Respublikamızın bütün regionlarında idman-sağlamlıq mərkəzləri, olimpiya idman kompleksləri yaradılmış, gənclərin, həmçinin hərbi qulluqçuların sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunaraq dövlət gənclər siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edən gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında və torpaqlarımızın müdafiəsində fəal iştirak edir, onun daha da qüdrətlənməsinə layiqli töhfələr verirlər.
Bu gün ordu quruculuğu uğurla davam etdirilən respublikamızın müdafiə qüdrəti daha da artmışdır. Ordu sıralarında xidmət edən bütün gənclər respublikamızın ərazi bütövlüyünün bərpası naminə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır.
Əziz gənclər, sizi Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə bir daha təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və müstəqil Azərbaycanımızın tərəqqisi və onun etibarlı müdafiəsi naminə xidmətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

General-polkovnik Zakir HƏSƏNOV