Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2016 09:00

Qusarlılar ön səngərdən gələnləri böyük coşqu ilə qarşılayıb

Mayın 4-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ön səngərdən gələn var" adlı tədbir keçirilib.
Qusarda general Mahmud Əbilov adına meydanda təşkil edilən hərbi-vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, rayonun icra strukturlarının, idarə və müəssisələrin nümayəndələri, eləcə də yüzlərlə qusarlı iştirak edib.
Müdafiə Nazirliyinin idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək, Azərbaycan xalqının öz ordusuna inandığını və ona güvəndiyini vurğulayıb. Bildirilib ki, hazırda Silahlı Qüvvələrin qoşun növlərində, eləcə də cəbhə bölgələrindəki hərbi hissələrdə xidmət edən qusarlıların sayı yetərincədir. Bununla yanaşı, həqiqi hərbi xidmətini başa vurmuş onlarla gəncimiz yenidən könüllü olaraq orduya qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirməkdədir.
Aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açan natiq, düşmənə sarsıdıcı zərbə vurulduğunu bildirib, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamını ifadə edib.
Tədbir çərçivəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Əmiraslan Xəlil oğlu Xeyirbəyovun layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun ailəsinə təqdim edilib. Şəhid Əmiraslan Xeyirbəyovun anası oğlu ilə fəxr etdiyini söyləyib, övladının tabutuna bükülən Azərbaycan bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağına inandığını ifadə edib.
Daha sonra meydana ön səngərdə düşmənlə üz-üzə duran qusarlı hərbçilər dəvət olunub. Sakinlərin alqış sədaları ilə qarşılanan əsgər və zabitlər Qusar Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mükafat və döş nişanları ilə təltif olunublar.
Tədbir iştirakçıları ikiqat paralimpiya çempionu, I Avropa Oyunlarının qalibi, cüdoçu İlham Zəkiyevi də böyük coşqu ilə qarşılayıblar.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışında bildirib ki, son vaxtlar Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi intensiv atəşə tuturlar. Buna baxmayaraq, şanlı ordumuz düşmənə layiqli cavab verərək, onları susmağa məcbur edir. Düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısı mərdliklə alınır. Bildirilib ki, son döyüşlərdə Lələtəpə yüksəkliyinin və digər işğal olunmuş ərazilərin düşməndən geri alınması xalqımızın ruh yüksəkliyini daha da artırıb. İndi hamı böyük qələbənin uzaqda olmadığına əmindir.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an düşmən tapdağından azad etməyə hazır olduğunu diqqətə çatdırıblar.
"Ön səngərdən gələn var" adlı tədbirdə hərbi orkestrin və tanınmış incəsənət nümayəndələrinin vətənpərvərlik ruhunda ifaları təqdim olunub.
Tədbirin sonunda Qusar rayon ictimaiyyəti adından Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.