Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2014 09:00

Qusarda keçirilən uşaqların yay düşərgəsi sona çatıb

Sentyabrın 2-da Müdafiə Nazirliyi ilə Səbail Rayon İcra Hakimiyyətinin birgə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsdə iki həftə ərzində davam edən "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunan tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Müdafiə Nazirliyinin rəsmiləri, Qusar rayonundakı "N" saylı hərbi hissənin şəxsi heyəti və digər qonaqlar əvvəlcə Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.
Bağlanış mərasimində idman yarışlarında qalib gələn, hərbi təlimlərdə fərqlənən bir qrup şagirdə xatirə medalları, eləcə də uşaqların tərbiyəsi işinə cavabdeh olan dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim olunub.
Sonra uşaqlar düşərgədə öyrəndikləri avtomat və pulemyotun natamam sökülüb yığılmasını, darağın doldurulub boşaldılmasını, yaralılara ilkin tibbi yardım göstərilməsi və döyüş meydanından çıxarılmasını qonaqlar qarşısında nümayiş etdiriblər.
Mərasimdə bildirilib ki, gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi üçün belə tədbirlərin təşkili vacibdir.
Layihənin hərbi hissədə reallaşması məktəblilərə hərbi sahədə daha çox bilik və təcrübə əldə etməyə imkan verib. "Gənc Heydərçilər" üçün əsgər kazarmalarının birində hər cür şərait yaradılıb. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunan stendlər qurulub, hərbi təlimatlar asılıb.
Şagirdlər hərbiçilərlə təmasda olmaq, əsgərlərin gündəlik həyat və fəaliyyətləri, hərbi hissədəki şərait, döyüş texnikası və silahlarla yaxından tanışlıq imkanı əldə ediblər.
Düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınaraq hərtərəfli hazırlıq işləri görülüb.
"Gənc Heydərçilər"in Qusar rayonunun görməli yerlərinə, tarixi guşələrinə, eləcə də Quba Soyqırımı Memorial Kompleksinə gəzintisi təşkil olunub.
Düşərgənin bağlanış mərasimində respublikamızın tanınmış incəsənət xadimləri və hərbi orkestrin iştirakı ilə bayram konserti təqdim edilib.