Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2016 09:00

"Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib.
Seminar başlamazdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilib.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı – Multikulturalizm ili üçün birgə planının Silahlı Qüvvələrdə uğurla həyata keçirildiyini və bu seminarın da həmin tədbirlərdən biri olduğunu bildirib.
Qeyd olunub ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini daha da gücləndirən ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu gün Silahlı Qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl, məqsədyönlü iş aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun mövzu ilə bağlı məruzəsi böyük maraqla dinlənilib.
Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrildiyi fikrini önə çəkən məruzəçi qeyd edib ki, hələ keçən əsrin 70-ci illərindən başlayaraq kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Ulu öndərimizin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini güdən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması o vaxtlar çoxlarının xəyalına belə gəlməzdi və bunlar gələcək nəsillər üçün ən böyük, əvəzolunmaz töhfələr idi.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparmasından, bu məfkurə əsasında milli-mənəvi dəyərlərimizin qorunmasından və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bu məfkurəni uğurla davam və inkişaf etdirməsindən geniş söhbət açıb. Komitə sədri tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini, milli-mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamızın dünya ölkələri üçün örnək olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap olunmuş "Qurani-Kərim"in tərcüməsi olan 1000 nüsxə kitab və Heydər məscidinin təsviri olan tablo Müdafiə Nazirliyinə hədiyyə edilib.
"Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə seminarda iştirakından böyük qürur duyduğunu, çox şeylər öyrəndiyini dilə gətirib və jurnalın yeni nömrəsindən 50 nüsxə tədbir iştirakçılarına paylayıb.
Silahlı Qüvvələr Hərbi Akademiyası Milli Təhlükəsizlik və Humanitar Elmlər Kafedrasının rəisi polkovnik Bəbir Quliyev, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Fərhad Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev seminara yekun vurub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.