Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Şahin" hərbi-idman oyunları üzrə respublika miqyaslı yarışların final mərhələsi keçirilib.
Qələbə uğrunda hər biri 10 oğlan və 4 qızdan ibarət 19 komanda mübarizə aparıb. Yarışlarda I, II və III yerləri tutan güclü Bakı komandaları, habelə 8 müstəqil zona mərhələsində I və II yerə layiq görülən region komandaları iştirak edib.
Yarışların bilavasitə startına qədər final mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Rüfət Əmirov iştirakçılar qarşısında çıxış ediblər. Müasir Azərbaycanın banisi və memarı Heydər Əliyevin həyat yolu və fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətləri haqqında məlumat verilib. Dövlətimizin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindən birinin gənc nəslin tərbiyəsi və hərbi vətənpərvərlik duyğularının gücləndirilməsinin olması qeyd edilib. Həmçinin vurğulanıb ki, şagirdlərin hərbi-idman oyunları və oxşar tədbirlərə cəlb edilməsi onların gələcəkdə orduda hərbi xidmətə hazırlığına kömək edəcək.
Çıxışlardan sonra qalib komandaların, hakimlərin və hərbi rəhbərlərin mükafatlandırma mərasimi olub.
"Şahin" hərbi-idman oyunları Müdafiə, Təhsil, Gənclər və İdman, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, eləcə də Respublika Veteranlar Şurasının birgə qərarı ilə 1996-cı ildən başlayaraq orta məktəblərin X-XI sinif şagirdləri arasında təşkil edilərək keçirilir. Bu il "Şahin" hərbi-idman oyununun 20 yaşı tamam olur.